Servis masamıza gətirilən stasionar kompüterlərin təxminən dörddə üçü mürəkkəb yox, tanış nasazlıqlarla gəlir. Aşağıda hər birinin əlaməti, ehtimal olunan səbəbi və nə etmək lazım olduğu var. Bəzilərini evdə 10 dəqiqəyə həll etmək olar — hansıların olduğunu açıq yazmışıq.
1. Kompüter ümumiyyətlə yanmır
Düyməni basırsınız, heç bir səs, işıq yoxdur. Əvsəlcə ən sadəsini yoxlayın: qidalanma kabeli, uzadıcı, qida bloku arxasındakı 0/1 açarı. Bunlar qaydasındadırsa, çox vaxt problem qida blokundadır (PSU) — xüsusən ucuz, adı bilinməyən bloklar 2–3 ildən sonra sıradan çıxır.
Evdə həll oluna bilər: kabel və açar yoxlaması. Servis işi: qida blokunun ölçülməsi və dəyişdirilməsi.
2. Yanır, amma ekran qaranlıq qalır
Ventilyatorlar işləyir, işıqlar yanır, ekranda isə "No signal". Adətən səbəb RAM yaddaş modulunun kontaktı və ya videokartın yuvada tam oturmamasıdır. Toz və rütubət kontaktları oksidləşdirir.
Monitor kabelini başqa portla (HDMI əvəzinə DisplayPort) sınayın — problem bəzən sadəcə kabeldədir.
3. Mavi ekran (BSOD) təkrarlanır
Windows-un mavi ekranı təsadüfi deyil — həmişə bir səbəbi var. Ən çoxu: səhv və ya köhnə sürücülər, nasaz RAM, ya da sıradan çıxmağa başlayan disk. Ekrandakı xəta kodunu şəkil çəkin: usta üçün bu, diaqnostikanın yarısıdır.
4. Kompüter çox yavaşlayıb
Ən çox verilən sual budur. Səbəblərin sıralaması təcrübəmizdə belədir:
- HDD hələ də sistem diskidir — SSD-yə keçid tək başına kompüteri 5–10 dəfə cəld edir;
- RAM azdır — 2026-da 8 GB minimum, rahat iş üçün 16 GB;
- Avtoyüklənmədə onlarla proqram var;
- Termopasta quruyub — prosessor qızınca özünü ləngidir (throttling).
5. Səs-küy artıb, ventilyator uğuldayır
Toz radiatorun qanadlarını bağlayır, hava axını dayanır, ventilyator isə daha sürətli fırlanmağa məcbur olur. İldə bir dəfə profilaktik təmizlik və termopasta dəyişimi həm səsi, həm də temperaturu normaya salır.
6. Kompüter öz-özünə söndürülür
Xüsusən oyun və ya render zamanı baş verirsə, iki əsas ehtimal var: həddindən artıq qızma və ya qida blokunun gücünün çatmaması. Videokart dəyişdirdikdən sonra bu problem yaranıbsa, demək ki, blokun vatı yeni kartı çəkmir.
7. Diskdən qəribə səslər gəlir
Klik-klik səsi eşidirsinizsə, dərhal dayanın. Bu, mexaniki diskin ölüm ərəfəsində olduğunun ən aydın işarəsidir. Kompüteri işlətməyə davam etmək məlumatın xilas olma şansını hər saat azaldır. Diski çıxarıb servis mərkəzinə gətirin.
8. USB portları işləmir
Bütün portlar birdən işləmirsə, səbəb adətən proqram tərəfindədir — sürücü və ya BIOS parametri. Yalnız ön panel portları işləmirsə, korpusun daxili kabeli ana platadan çıxıb.
9. Tarix və saat hər açılışda sıfırlanır
Bu, ən ucuz təmirlərdən biridir: ana platadakı CMOS batareyası (CR2032) bitib. Batareyanın ömrü təxminən 4–6 ildir.
Servisə müraciət etməzdən əvvəl
- Xəta mesajının şəklini çəkin — kod diaqnostikanı sürətləndirir;
- Nasazlığın nə vaxt və hansı əməliyyatdan sonra başladığını qeyd edin;
- Mühüm fayllarınız varsa, bunu ustaya əvvəlcədən deyin — bəzi əməliyyatlar diski silir;
- Zəmanət müddəti bitməyibsə, korpusu özünüz açmayın.